Ağcabədi Pedaqoji Kollecində 8 Noyabr – Zəfər Günü münasibətilə ağcabədili idmançı, Vətən müharibəsi əlili Cavid Allahverdiyevlə gənclərin görüşü təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi noyabr ayının 10-da Azərbaycanın qələbəsi ilə nəticələndi. Bütün xalq bir yumruq kimi öz Ali Baş Komandanının, şanlı əsgərinin ətrafında birləşdi, möhtəşəm Qələbə qazandı. 8 noyabr Azərbaycan tarixinə Zəfər Günü kimi həkk olundu.

Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov şanlı tarix yazan Vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən söhbət açıb. Diqqətə çatdırılıb ki, döyüşlərdə iştirak edən hər bir gənc Prezidentin sərəncamları ilə müxtəlif orden və medallara layiq görülüb. Vətən müharibəsi qazisi Cavid Allahverdiyev də Prezident İlham Əliyevin Sərəncamları ilə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonra qazi Cavid Allahverdiyev öz döyüş yolundan, 44 günlük “Dəmir yumruq” əməliyyatından bəhs edib. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.